Minimum istehlak səbətinin real dəyəri  

13:42 05.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yaşayış minimumun məbləği həmişə müzakirə mövzusu olub. Əksər ekspertlər hesab edirlər ki, ölkə üzrə təsdiqlənən yaşayış minimumu mövcud reallığı əks etdirmir. Xüsusilə son illər müşahidə olunan ciddi inflyasiya fonunda yaşayış minimumu bazar qiymətlərinə adekvat sayılmır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, yaşayış minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur. 
Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar (inflyasiya) minimum istehlak səbətinin dəyərini də artırır. Bildiyimiz kimi, ölkədə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərara görə, əmək qabiliyyətli bir adam üçün il ərzində 136,8 kiloqram çörək və çörək məhsulu nəzərdə tutulub. Hazırda yarım kiloqramlıq çörəyin qiymətinin isə 0,50 qəpikdən az olmadığını nəzərə alsaq (çörək məhsullarının qiyməti daha yüksəkdir) çörək və çörək məhsulu üçün əmək qabiliyyətli bir adama il ərzində ən azı 68,4 manat, ay ərzində isə 5,7 manat pul lazımdır.
Çörək və çörək məhsulundan başqa minimum istehlak səbətinin tərkibində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), həmçinin 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur.
Mövcud qiymətlər ilə hesabladığımız zaman məlum olur ki, əmək qabiliyyətli bir adam ay ərzində kartof üçün ən azı 5,40 manat, ət və ət məhsulları üçün 45 manat, süd və süd məhsulları üçün təqribən 64 manat, balıq və balıq məhsulları üçün 7,68 manat, yumurta üçün 2,5 manat, bitki yağı və marqarin üçün 6,96 manat, kərə yağı üçün 9,86 manat, şəkər və qənnadı məmulatları üçün 7 manat, digər ərzaq məhsulları üçün isə 3,20 manat xərcləməlidir. Ümumilikdə isə əmək qabiliyyətli bir adam ay ərzində yaşayış minimumunda nəzərdə tutulan vəsaitin 60 faizdən çoxunu ərzaq məhsullarına xərclənməlidir. Yerdə qalan 40 faizlə isə bir nəfər həm qeyri-ərzaq məhsullarına, həm də xidmətlərə olan ehtiyacını qarşılamalı və eyni zamanda da icbari ödənişlərini reallaşdırmalıdır. Bu isə indiki qiymətlərlə real görsənmir. Yeri gəlmişkən, bir məqama diqqət yetirək: minimum istehlak səbətində nəzərdə tutulub ki, əmək qabiliyyətli bir adam ildə minimum 692 dəfə (ayda 57 dəfə) ictimai nəqliyyatdan istifadə etməlidir ki, bu da ay ərzində 22,8 manat deməkdir. Onu da xatırladaq ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyimi, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, ilyarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı və digər mallardan istifadə etməlidir. 

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, minimum istehlak səbəti anlayışı bir qədər mücərrəd anlayışdır: “Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilən istehlak səbətinin strukturuna baxanda və müqayisəli təhlil aparanda görərik ki, səbətə daxil olan bəzi məhsullar üzrə bəzi ölkələrdən öndə, bəzi məhsullar üzrə geridəyik. Yəni, minimum istehlak səbətimiz müəyyən istiqamətlər üzrə beynəlxalq qəbul edilmiş standartlardan, dərəcələrdən aşağıdır. Amma onu da qeyd etmək istəyirəm ki, minimum istehlak hər adambaşına götürüldüyü üçün gələn il də buna yenidən baxılacaq. Burada sözsüz ki, inflyasiyanın təsirləri də nəzərə alınmalıdır. Düşünürəm ki, reallıqla müqayisədə fərqlər var və  əlbəttə ki, bu fərqlər aradan qaldırılmalıdır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud  istehlak səbəti reallıqla müqayisədə ciddi fərq yaradır: “Bu fərq təxminən 2-3 dəfəyə yaxındır. Amma məsələ burasındadır ki, Azərbaycan hökuməti hesab edir ki, bu məcmu dövlət büdcəsinin imkanlarının çatdığı qədər formalaşıb. Yəni, iddia olunmur ki, bir adamın aylıq 200 manatla yaşaması mümkündür. Lakin məsələ ondadır ki, Azərbaycan dövlət büdcəsinin imkanları insanların yaşayışının yalnız o hissəsini ödəməyə hədəflənir. Əslində, tutaq ki, 400-600 manata bir nəfərin aylıq yaşayış minimumu dəyərləndirilməlidir. Amma Azərbaycan hökuməti onu dəyərləndirib indiki real büdcə ilə həmin ehtiyacları örtə bilmədiyinə görə yalnız örtə biləcəyi hissəni elan edir. Bu o demək deyil ki, Azərbaycan hökumətinin elan etdiyi minimum istehlak səbətindən Azərbaycan vətəndaşı bir ay dolana bilər, bu o anlama gəlmir. Amma əslində Azərbaycan hökuməti Avropa Konvensiyasına qoşulub və Avropa Konvensiyasında vətəndaşların normal həyatının təmin edilməsi barədə öhdəlik götürüb”.